Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-11-30
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə əsassız məlumatlar yayılmışdır.

Bununla əlaqədar bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 01 fevral 2019-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilmişdir ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib bu məqsədlə 25 dekabr 2018-ci ildə etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçmışdır.

Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilmişdir.

Həmçinin, istintaqı zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2 (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir.

A.Dehghanızadeh dəfələrlə istintaqa dəvət edilsə də,  çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində aprelin 22-də axtarış elan edilmiş, iyulun 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu istintaqa cəlb edilərək müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Cinayət təqibi üzrə zəruri olan bütün hərəkətlərin vaxtında icra edilməsini təmin etmək məqsədi ilə A.Dehghanızadehin ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur.

A.Dehghanızadehin müraciəti əsasında məhkəmənin qərarı ilə sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülmüşdür.

Hazırda F.Foroozanmehrin barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.