Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-08-30
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin M Ə L U M A T I

Avqustun 29-da Tərtər rayon sakini 1994-cü il təvəllüdlü Elmir Hüseynlinin yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. 

Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır. 

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır. 

İlkin istintaqla müəyyən edilmişdir ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirmiş, səs-küyə həyətə gələn qonşusu 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partlatmış, hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat etmiş, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.