Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-06-08
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin M Ə L U M A T I

Binəqədi rayonunda törədilmiş qətlin üstü prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılmışdır. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişlər.

Belə ki, iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində “BMW-745” markalı avtomobildəki naməlum şəxslərin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı digər avtomobilə atəş açmaları, nəticədə bir nəfərin vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayonun prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün Tərtər rayon sakini Vüsal Hüseynov idarə etdiyi “BMW-745” markalı avtomobillə Bakı şəhər sakini Nazim Qədirovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili təqib etmişdir. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Calalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açaraq “Mercedes-Benz” markalı avtomobilin sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Mübariz Budaqlını qətlə yetirmişdir.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə bu ağır cinayətin Taleh Calalov və Vüsal Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar tutularaq istintaqa cəlb edilmişlər.

T.Calalovdan cinayəti törədərkən istifadə etdiyi lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng götürülmüşdür.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.