Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-11-15
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin M Ə L U M A T I

12-13 noyabr 2018-ci il tarixdə İtaliyanın paytaxtı Roma şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İtaliyanın Xarici İşlər Nazirliyi, Beynəlxalq Əlaqələr İnstitutu (Instituto Affari Internazionali) və nüfuzlu Luiss Guido Carli Universiteti ilə birgə təşkil etdiyi “ATƏT bölgəsində rəqəmsal dövr üçün anti-korrupsiya strategiyalarının hazırlanması üzrə ən yeni tendensiyalar və ən yaxşı təcrübələr” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev və Baş İdarənin böyük prokuroru Elnur Musayev daxil olmuşlar.

Avropa qitəsində təhlükəsizliyin təmin olunması üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunmuş bu konfransda İtaliyanın ədliyyə naziri Alfonso Bonafede,  ATƏT-in Baş katibi cənab Tomas Qreminger, Parlament Assambleyasının sədri Georgi Sereteli, Korrupsiya məsələləri üzrə xüsusi müşaviri və eyni zamanda LUISS Universitetinin Rektor müavini Paola Severino, İƏİT və Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri, Beynəlxalq Şəfafflıq və digər vətəndaş cəmiyyətinin üzvləri, həmçinin tanınmış elm adamları toplanmışlar.

“Korrupsiyanın ölçülməsi və onun iqtisadiyyata və qanunçuluğun vəziyyətinə təsirinin qiymətləndirilməsi” mövzusu üzrə tədbirin birinci sessiyasında çıxış edən Baş prokurorun müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun uğurlu iqtisadi və sosial nəticələri barədə geniş məlumat vermişdir. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlətin əsas fəaliyyət prinsipi olaraq qanunvercilik bazasının qurulması, dövlət idarəetmə prosesində şəffaflığın təmin olunması, özəl sektorun və əlverişli biznes mühitinin formalaşdırılması, müstəqil və ədalətli məhkəmə sisteminin və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların təsirli şəkildə fəaliyyət göstərməsi üzərində qurulmasını bildirərək bu istiqamətdə davamlı şəkildə görülən işlərdən bəhs etmişdir. Çıxışda həyata keçirilən kompleks islahatların müsbət nəticələrinin öz əksini bir sıra beynəlxalq reytinqlərdə, o cümlədən Dünya Bankının açıqladığı nüfuzlu “Doing Business-2019” hesabatında da əks olunduğu qeyd edilməklə, Azərbaycanın adı çəkilən reytinqdə ötən illə müqayisədə 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması xüsusi vurğulanmışdır. Dünyada Azərbaycan brendi kimi tanınan ASAN Xidmətin nümunəvi fəaliyyətinin korrupsiyanın qarşısının alınmasında rolu da görüş iştirakçılarının nəzərinə çatdırılmışdır. Həmçinin, korrupsiyanın səviyyəsinin ölçülməsi istiqamətində həyata keçirilən beynəlxalq təşəbbüslər təhlil olunaraq bu sahədə fəaliyyətini təşkmilləşdirilməsi üçün konkret təkliflər səsləndirmişdir. Çıxışının sonunda K.Əliyev Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz çalışan xarici şirkətlərin fəaliyyətinə toxunaraq bu məsələdə ölkəmizin qətiyyətli mövqeyini diqqətə çatdırmışdır. Korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınması  sahəsində beynəlxalq ictimaiyyətin səylərinə ciddi xələl gətirən və Azərbaycan qanunlarına məhəl qoymayan şirkətlərin fəaliyyətinin cinayət işləri çərçivəsində araşdırılması və onların barəsində müvafiq sərt ölçülərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

Konfrans əsnasında nümayəndə heyəti Ədliyyə naziri Alfonso Bonafede, LUISS Universitinin və Beynəlxalq Əlaqələr Universiteti rəhbərliyi, həmçin bir sıra ölkənin yüksək səviyyəli nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilmişdir. İtaliyanın xarici siyasətinin müəyyənləşdirilməsi məqsədilə tədqiqat aparan yüksək elm adamları ölkədə korrupsiyaya qarşı mübrizənin aparılmasının əlverişli investisiya mühitinin formalaşmasında müstəsna rol oynadığını vurğulayaraq, Azərbaycan Hökumətinin bu sahədə gördüyü tədbirlərə yüksək qiymət vermişdir. Bu uğurlu addımların nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələrin ən yüksək səviyyədə olması vurğulanmışdır.

Konfransda həmçinin korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qurum və strategiyaların modelləri və təcrübələri, həmçinin korrupsiya ilə mütəşəkkil cinayətkarlıq arasında əlaqələr mövzularına həsr edilmiş sessiyalar da keçirilmişdir. Sonda konfrans iştirakçıları ATƏT bölgəsində iqtisadi inkişafın təmin olunması və sosial rifahın artırılması naminə səylərin birləşdirilməsi, qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilən korrupsiyaya qarşı mübarizə sahəsində təşkilatçılığının gücləndirilməsinin vacibliyini vurğulamışlar.

Səfər zamanı İtaliyanın Maliyyə Qvardiyasının (Guardia di Finanza) Qərargahında ikitərəfli rəsmi görüş keçirilmişdir. 1881-ci ildə təsis olunmuş İtaliyanın iqtisadi cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Maliyyə Qvardiyası dünyanın ən nüfuzlu və uzun müddət fəaliyyət göstərən təşkilatlarından biridir. Həmin təşkilatın qərargahında keçirilən görüş zamanı qarşıqlıqlı maraq və hörmət ruhunda keçən görüşdə fikir və təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın dərinləşdirilməsi üçün növbəti addımların atılmasının vacibliyi vurğulanmışdır. Növbəti mərhələrdə Azərbaycan və İtaliyanın ixtisaslaşmış antikorrupsiya qurumları arasında əməkdaşlığın hüquqi bazasını təşkil edəcək sənədin imzalanmasının vacibliyi fikri səsləndirilmişdir.

Konfransın işində və ikitərəfli görüşlərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə iştirak etmişdir.