Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-02-07
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlunun döyülərək ağır bədən xəsarətləri alması nəticəsində xəstəxanada vəfat etməsi barədə dəqiqləşdirilməmiş məlumatlar yayılmışdır.

Bununla əlaqədar bildirilir ki, M.Əhmədovun “Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.