Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-04-15
Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda ölkəmizi uğurla təmsil etmişdir

Aprelin 11-13-də Fələstin Dövlətinin paytaxtı Ramallah şəhərində Türk İşbirliyi və Əlaqələndirmə Agentliyi (TİKA), Türkiyə və Fələstin prokurorluqları tərəfindən “İstintaq və insan hüquqları tələbləri çərçivəsində rəqəmsal sübutlar” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

22 ölkə təmsilçisinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasınının Prokurorluğunu Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Tədbirdə çıxış edən R.Usubov rəqəmsal texnologiyalarla törədilən cinayətlərin artan dinamikasına diqqət çəkərək problemin aktuallığını vurğulamış, konfransın insan hüquqları və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi sahəsində  müvafiq orqanlar arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı platforma olduğunu qey etmişdir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün  və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququnun kobud şəkildə pozulduğunu və işğalın bu gün də davam etdiyini vurğulayan R.Usubov işğal edilmiş ərazilərdə baş verən cinayətlərin təkcə Azərbaycan üçün deyil, eləcə də beynəlxalq aləmdə təhlükəsizliyə ciddi təhdid olduğunu bildirmişdir.

Baş prokurorun birinci müavini nəzərə çatdırmışdır ki, Azərbaycan Respublikasında dövlət başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilən düşünülmüş və hərtərəfli əsaslandırılmış dövlət siyasəti,  mütərəqqi və sosial mahiyyətli islahatlarla müşayiət olunan dövlət idarəçiliyi ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin etmiş, ictimai münasibətlərin, hüquq və qanunvericilik sisteminin inkişafını və beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsini və müasirləşdirilməsini şərtləndirmişdir.

İnsan haqlarının təmin edilməsinə, bu sahədə qanunvericilik bazasının beynəlxalq təcrübə nəzərə alınmaqla daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xüsusi önəm verilən respublikamızda hüquqi proseslər zamanı araşdırmaların aparılması, sübütların toplanılması, onların ibtidai istintaq mərhələsində, cinayət prosesinin digər mərhələlərində istifadəsi və qiymətləndirilməsi haqqında söhbət açan R.Usubov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində sübutetmə institutunda yeniliklər, sübutlar və sübutetmənin anlayışları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra natiq kibercinayətkarlıq probleminə də toxunaraq onun müxtəlif növləri və bu qəbildən olan cinayətlərə qarşı mübarizə sahəsində  Azərbaycanda görülən işlər haqqında məlumat vermişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və Baş prokuroru Mehmet Akarca ilə, Fələstinin Baş prokuroru Əkrəm Əl-Xatib və digərləri ilə ikitərəfli görüşlər keçirərək geniş fikir mübadiləsi aparmışdır.

Nümayəndə heyətlərinin rəhbərlərini qəbul edən Fələstin Dövlətinin Prezidenti cənab Mahmud Abbas konfransın işinə uğurlar arzulayaraq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulamışdır.