Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-12-27
Probasiya xidmətinin fəaliyyətinə dair geniş müşavirə keçirilib

     Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması təsbit edilib. Ötən dövrdə xidmətin təşkili üzrə qabaqcıl beynəlxalq təcrübə öyrənilib, bu institutun əhəmiyyəti və yeniliyi nəzərə alınaraq probasiya fəaliyyəti ilə məşğul olacaq əməkdaşlar üçün Ədliyyə Akademiyasında treninqlər keçirilib.

     Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının cari il noyabrın 7-də imzaladığı Fərmanla nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Probasiya xidməti təsis edilib, 2017-ci il 1 dekabr tarixli Qanunla Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunub və həmin Qanuna uyğunlaşdırılmaqla xidmətin Əsasnaməsi təsdiq edilib, habelə yerli icra və probasiya qurumları yaradılıb. Nazirlik tərəfindən digər zəruri təşkilati tədbirlər görülərək Probasiya xidməti fəaliyyətə başlayıb.

     Bununla əlaqədar qurumun işinin səmərəli təşkili məqsədilə Probasiya xidmətinin, yerli icra və probasiya, regional ədliyyə qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, probasiya üzrə bütün icra məmurlarının iştirakı ilə xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

     Tədbirə, həmçinin ədliyyə orqanlarında işləmək üçün müsabiqədən uğur qazanmış və hazırda Ədliyyə Akademiyasında icbari təlim kursu keçən, bir çoxunun Probasiya xidmətinə təyinatı nəzərdə tutulan 100-ə yaxın gənc hüquqşünas cəlb olunub.

     Müşavirəni giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə yönələn ardıcıl və məqsədyönlü tədbirlərin ədliyyə və məhkəmə sistemini də əhatə etdiyini vurğulayıb, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini qeyd edib. Nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında ölkəmiz üçün yeni olan Probasiya xidmətinin mühüm roluna və bu sahədə görülən tədbirlərə toxunub, xidmətin yeni təyin olunmuş rəisi Akşin Ziyadovu kollektivə təqdim edib.

     Sonra probasiya institutunun mahiyyəti və məqsədlərindən, beynəlxalq təcrübədə tətbiqindən danışan Xidmətin rəisi A.Ziyadov qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

     Bildirilib ki, azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi niyyəti ilə dövlətimizin başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin təşkili üzrə ötən dövrdə kompleks tədbirlər görülüb. Bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli qurulması məqsədilə Ədliyyə Nazirliyi üzrə 2017-ci il 1 dekabr tarixli əmrlə konkret vəzifələr müəyyən edilib.

     İclasda həmin vəzifələr yerli icra və probasiya qurumlarının diqqətinə çatdırılaraq cəmiyyətdən təcridetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın qanunvericiliyin tələblərinə tam riayət edilməklə dürüst və mütəşəkkil icrasının təmin olunması, ictimai işlər növündə cəzanın icrasında formal yanaşmaya son qoyulması və bu cəzanın düzgün icrası üçün yerli icra hakimiyyətləri ilə mütəmadi əlaqəli işin qurulması, səmərəli probasiya nəzarətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

     Müşavirədə nazirliyin aidiyyəti rəhbər şəxsləri tərəfindən çıxışlar edilərək dövlətimizin başçısının humanist siyasətinin təzahürü olan Sərəncamının insanların azadlıq hüququnun qorunmasına xidmət etdiyi vurğulanıb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılmasında və effektiv nəzarətin həyata keçirilməsində Probasiya xidmətinin mühüm rolu qeyd olunub. Xidmətin qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəyinə, cəmiyyətdən təcridetməyə alternativ cəzaların məqsədlərinə nail olunacağına və bu sahədə həyata keçirilən islahatlara öz töhfəsini verəcəyinə əminlik ifadə edilib.

     İclasda yerli qurumların rəhbərlərinin çıxışları dinlənilib, mövcud problemlərin səbəbləri və onların aradan qaldırılması yolları müzakirə olunub.

     Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlətimizin başçısının tələbləri səviyyəsində təşkili, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin həyata keçirilməsi və regional ədliyyə idarələrinin imkanlarından istifadə etməklə əməli və metodiki köməkliyin gücləndirilməsi, əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, probasiya nəzarətinə götürülən şəxslərin hüquq və azadlıqlarına hörmət edilməsinin, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılmasının, korrupsiyanın yolverilməzliyinin hər bir probasiya əməkdaşının ən ümdə vəzifəsi olduğunu vurğulayıb.

     Sonra tədbir “Probasiya xidmətinin təşkili məsələləri” mövzusunda seminar-məşğələ ilə davam edib. Seminarda probasiya institutunun tətbiqi xüsusiyyətləri, qanunvericilikdəki yeniliklər, elektron nəzarət vasitələrindən istifadə qaydaları ilə bağlı mühazirələrlə çıxışlar edilib, əyani təqdimat keçirilərək elektron qolbaqların nümunələri nümayiş olunub.

Mənbə: AzərTag