Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-12-11
Ümummilli lider Heydər Əliyevin xatirəsi Hərbi Prokurorluqda anılmışdır

Dekabrın 11-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi təşkil edilmişdir.

Tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Qeyd edilmişdir ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr edən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq qazanmışdır.

Bildirilmişdir ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşa biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılmışdır. Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü işlər nəticəsində mümkün olmuşdur. Azərbaycanın müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan suveren ölkə kimi mövcudluğu məhz həmin dövrdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş bünövrə üzərində qurulmuş və bu gün də uğurla davam etdirilir.

Xanlar Vəliyev xüsusilə vurğulamışdır  ki, dahi lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya gələrək müstəqilliyimiz tarixində böyük bir faciənin qarşısını almış oldu. Respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, respublikamızın cənub və şimal-şərqində separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin etmək məqsədilə cəbhədə atəşkəsə nail olunmuşdur. Heydər Əliyevin yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi” imzalanmaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yeri müəyyənləşdirilmişdir.

Respublikamızın müstəqillik tarixinə nəzər salan X.Vəliyev müstəqillik illərində əldə edilmiş uğurların ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişdir. O, müstəqilliyin qorunub saxlanmasında Ümummilli Liderin xidmətlərinin əvəzsizliyini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu, Heydər Əliyevin fəaliyyətinin də, şəxsiyyətinin də müasir Azərbaycanın müstəqillik tarixinin ayrılmaz bir hissəsini təşkil etdiyini qeyd etmişdir. Hərbi prokuror xalqımızın Ulu Öndərin yoluna sadiqliyi və bu gün həmin yolun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətə tam dəstək verməsinin, iqtidarla xalqın vəhdətinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurların təməlini təşkil etdiyini söyləmişdir. O, xalqımızın Heydər Əliyev yoluna, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən Prezident cənab İlham Əliyevə inamının əbədi və dönməz olduğunu bildirmişdir.

X.Vəliyev ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün dövlət qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırıldığını, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını, Azərbaycanda reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarının müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutduğunu qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin dövlət səviyyəsində prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gündəlik diqqət və qayğısı nəticəsində Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətinin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi mümkün olmuşdur. Çıxışda digər hüquq mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivinin də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etdiyi vurğulanmışdır.

Ölkəmizdə aparılan ordu quruculuğu məsələlərinə toxunan X.Vəliyev qeyd etmişdir ki, gələcəkdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün etibarlı qorunmasının təmin edilməsində onun güclü orduya qadir olmasını hələ sovet hakimiyyəti dövründə görən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin nəticəsi olaraq 1971-ci ildə ali hərbi məktəbləri ixtisaslı kadr korpusu ilə təmin edən Cəmşid Naxçıvanski adına hərbi lisey təsis edilmişdir. Siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndərin ölkə Prezidenti və Ali Baş Komandan kimi gördüyü qətiyyətli tədbirlər nəticəsində qısa zaman kəsiyində respublikamızın təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi konstitusion məqsədlərlə yaradılmış və dövlətin ən mühüm milli atributlarından olan Silahlı Qüvvələrimiz tamamilə yenidən qurularaq müasir tipli, qüdrətli, yüksək döyüş qabiliyyətli və regionda ən güclü orduya çevrilmişdir.

X.Vəliyev çıxışında Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması nəticəsində ordunun maddi-texniki bazasının möhkəmləndirildiyini, onun yeni və müasir silahlarla təchiz olunması məsələlərinə daim qayğı göstərildiyini, bunun da nəticəsi olaraq bu gün Azərbaycan ordusunun Cənubi Qafqaz regionunda ən güclü orduya çevrilərək Ali Baş Komandanın əmri ilə hər an torpaqlarını düşməndən azad etmək qüdrətinə malik olduğunu bildirmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə olunmuş nailiyyətlərdən söhbət açan X.Vəliyev bu nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulamışdır. Qeyd edilmişdir ki, Mehriban xanım Əliyevanın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, xalqımızın maddi rifahının yaxşılaşdırılması, dövlətçiliyimizin beynəlxalq nüfuzunun daha da artırılması istiqamətində gərgin, yorulmaz və dəyərli ictimai-siyasi fəaliyyəti bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına öz layiqli töhfəsini verməklə yanaşı, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamışdır. Görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə gördüyü işlərin, həmçinin Ulu Öndərin siyasi irsinin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu əvəzsizdir.

Çıxışının sonunda Xanlar Vəliyev qeyd etmişdir ki, Hərbi Prokurorluğun kollektivi Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında bu kursun layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində yaxından iştirak etməklə uğurlu siyasəti daim dəstəkləyəcəkdir.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatmışdır.