Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-12-11
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

Dekabrın 11-də Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız tərəfindən dərin ehtiramla yad edilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır.

Bildirilmişdir ki, ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır.

Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xilaskarlıq missiyasını fədakarlıqla öz üzərinə götürən Heydər Əliyevin həyata keçirdiyi böyük quruculuq işləri, strateji inkişafa zəmin yaradan dövlətçilik konsepsiyasının hazırlanması nəticəsində bütün dünya azərbaycanlılarının fəxri və  ümid yeri, vətəndaşlarına layiq olduqları həyat səviyyəsini təmin etməyə qadir olan güclü dövlətin yaradılmasına, azərbaycançılıq ideologiyasının gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına nail ola bilmişdir.

Bildirilmişdir ki, ümummilli liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biri olmaqla xalqımızın yaddaşında dahi şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, milli qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin əyani sübutudur.

Ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılmış, geosiyasi mövqelərini möhkəmləndirən ölkəmiz dünya birliyində layiqli yerini tutmuş, azərbaycançılıq məfkurəsi inkişaf etdirilməklə iqtisadi dirçəlişə nail olunmuşdur.

Məhz bu dövrdə hüquq mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, hüquq mühafizə orqanlarında dövrün tələblərinə cavab verən islahatların aparılması - bütün bunlar Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Qeyd edilmişdir ki, ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun bünövrəsini qoymuşdur. Ulu öndərin ölkəmizdə həyata keçirdiyi məhkəmə-hüquq islahatları, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsini özündə birləşdirən üçpilləli məhkəmə sisteminin qurulmasına, prokurorluq orqanlarının tam yenilənərək dövlət idarəetmə mexanizmində rolu dəqiq müəyyən edilmişdir.

Azərbaycan prokurorluğunda hüquqi dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndərin iştirakı ilə 26 aprel 2000-ci ildə keçirilən geniş müşavirədən sonra başlanılmış və uğurla icra edilmişdir. Prokurorluğun həyatında müstəsna rol oynamış tarixi müşavirədə dövlət başçısının verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanda neqativ təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.

Bildirilmişdir ki, prokurorluq orqanlarının idarəetmə sistemində statusuna uyğun layiqli yerini tutması Heydər Əliyevin dövlətçilik siyasəti və bu siyasəti yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində mümkün olmuşdur. Azərbaycan Prokurorluğunun müasir tələblər səviyyəsində təkmilləşdirilməsi istiqamətində görülən işlər sırasında dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə  həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərmişdir. Bu tarixi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidməti həm də ondan ibarət olmuşdur ki, ölkənin uzunmüddətli davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu, özündən sonra müasir dövrün tələblərinə uyğun şəkildə yüksək peşəkarlıqla həyata keçirməyə qadir olan, hərtərəfli liderlik keyfiyyətlərinə malik, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirmiş, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın davamlı tərəqqisini təmin edən xarizmatik və təşəbbüskar rəhbər, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik olan İlham Əliyev kimi layiqli davamçı hazırlamışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü dövlət siyasəti həyata keçirən Möhtərəm Prezidentimiz daim öz müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin etmişdir. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz aprel döyüşlərində öz hərbi gücünü və qətiyyətini real şəkildə bütün dünyaya nümayiş etdirməsi nəticəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı xalqımızın və dövlətimizin tarixində baş vermiş çox əlamətdar hadisələrdən biri olmuş və öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal olunmuş torpaqlara qayıtma əzmini daha da artırmışdır.

Xüsusi vurğulanmışdır ki, ölkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatında ən əlamətdar hadisənin - Heydər Əliyev Fondunun Prezidenti, görkəmli ictimai-siyasi xadim, ümummilli liderin zəngin siyasi irsini bütün dünyada təbliğ edən Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatından sonrakı müddət ərzində respublikanın hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması, sosial sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində yerinə yetirilən tədbirlər qeyd olunanların bariz nümunəsidir.

Bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliyi, yüksək təşkilatçılıq və diplomatik bacarığının məntiqi nəticəsi olaraq, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi respublikamız üçün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin dünyada artan nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək, regionda sabitliyə, xalqlarımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəkdir.

Azərbaycan Respublikasının dünya dövlətləri birliyində öz layiqli yerini tutması, ölkəmizin ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, möhtəşəm mahnı müsabiqəsi və dünya miqyaslı idman yarışlarına - ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə və tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olduğunu bir daha sübut etmişdir.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilmişdir.