Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-11-27
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak etmişdir

Noyabrın 23-dən 24-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Avropa Prokurorlarının Məşvərətçi Şurasının (APMŞ) 12-ci plenar iclası keçirilmişdir. 

Plenar iclasda ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə Şuranın fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilmiş və təşkilatın sayca 12-ci rəyi müzakirə olunaraq qəbul edilmişdir. “Cinayət prosesində qurbanların və şahidlərin hüquqları ilə bağlı prokurorların rolu” adlanan sənəddə qurban və şahidlərin hüquqları və müdafiə mexanizmləri, prokurorların həmin şəxslərin hüquqlarının qorunmasında rolu,  xüsusilə həssas qrup qurbanların (terrorizm, insan alveri, məişət zorakılığı, cinsi istismar) müdafiəsi və reabilitasiyası və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri öz əksini tapmışdır.

Tədbirdə Azərbaycan Prokurorluğunu təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək ölkəmizdə sözügedən sahələrdə qəbul edilmiş qanunvericilik və normativ aktlar, milli fəaliyyət planları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat vermişdir. 

Sənədin müzakirəsi zamanı ümumi rəy üzrə müvafiq müddəaların qəbul olunmasında ölkəmizin müsbət təcrübəsi nəzərə alınmışdır. 

İclasın sonunda keçirilmiş səsvermə nəticəsində Piter MakKormik (İrlandiya) növbəti 1 il müddətinə yenidən APMŞ-nin prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçilmişlər