Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-11-24
Baş Prokurorluğun əməkdaşı korrupsiyaya qarşı mübarizə mövzusunda keçirilmiş beynəlxalq təlim kursunda iştirak etmişdir

Noyabr ayının 6-dan 17-dək Paris şəhərində Fransanın Milli İdarəçilik Məktəbi (ENA) tərəfindən “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təşkil olunmuş təlim kursu keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində Fransa hökuməti tərəfindən əldə edilmiş təcrübənin və həmin sahədə qazanılmış son nailiyyətlərin iştirakçı dövlətlər arasında mübadiləsi məqsədi ilə təşkil olunmuş təlim kursunda dünyanın 22 ölkəsindən 38 nümayəndə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış hüquq mühafizə orqanlarının və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təlim kursunda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ziya Hacıyev təmsil etmişdir.

Tədbir çərçivəsində təqdimatla çıxış edən Z.Hacıyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş kompleks, sistemli və ardıcıl islahatlar, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.

İştirakçılar tərəfindən təqdir edilən ölkəmizin korrupsiyaya qarşı mübarizə modeli, o cümlədən  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyəti kursun təşkilatçıları tərəfindən də korrupsiya ilə mübarizə sahəsində uğurlu və qabaqcıl nümunə qismində vurğulanmışdır.

Təlimin yekununda Z.Hacıyevə Korrupsiyaya qarşı mübarizə Proqramının uğurla başa çatdırılması ilə əlaqədar sertifikat təqdim edilmişdir.