Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-10-09
Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans öz işinə başlamışdır

Oktyabrın 9-da Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” öz işinə başlamışdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan tədbirə Şərqi Avropa, Balkan regionu və Mərkəzi Asiya ölkələrinin hüquq mühafizə orqanlarının 50-dək əməkdaşı, beynəlxalq ekspertlər, Beynəlxalq Prokurorlar Assosiasiyasının rəsmi şəxsləri, həmçinin ölkəmizin hüquq mühafizə orqanlarının nümayəndələri qatılmışlar.

Konfransın açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi, eyni zamanda Assosiasiyanın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) rəhbəri və Niderland Krallığının “Eurojust”da təmsilçisi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev sürətlə qloballaşan dünyada kibercinayətkarlıq probleminin xüsusi aktuallığı və ona qarşı dövlət orqanları tərəfindən aparılan mübarizənin vacibliyi barədə ətraflı məlumat verərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərə qarşı mübarizənin ölkələrin milli təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyini bildirmişdir. Qeyd edilmişdir ki, ölkəmizdə Prezident cənab İlham Əliyevin siyasi rəhbərliyi altında korrupsiya, çirkli pulların yuyulması və kibercinayətkarlıq da daxil olmaqla cinayətkarlığın bütün təzahürlərinə qarşı barışmaz mübarizə aparılır, Azərbaycan Respublikasının 2010-cu ildən Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşularaq bu beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində kompleks və sistemli inzibati və normativ tədbirlər görülməklə, həyata keçirilmiş hüquqi və institusional islahatlar nəticəsində ölkəmizdə ən müasir beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırılmışdır. Dövlət başçısının 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın bu istiqamətdə fəaliyyətin uğurla davam etdirilməsi üçün mühüm siyasi hüquqi sənədin əhəmiyyəti xüsusu vurğulanmışdır.

K.Əliyev ölkəmizin hüquq mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda geniş məlumat vermişdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov, BPA-nın Baş katibi Han Moraal və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxış edərək kibercinayətkarlığa qarşı mübarizə işində dövlət orqanları və beynəlxalq təşkilatların fəaliyyətlərinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasının, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasının, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılmasının, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamış, kibercinayətkarlıqla mübarizədə hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsində keçiriləcək təlimlərin əhəmiyyətini qeyd etmişlər.

Tədbirdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılmışdır.

Oktyabrın 11-dək davam edəcək konfransda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də işçi qruplar çərçivəsində praktiki məsələlərin həlli nəzərdə tutulmuşdur.