Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-07-06
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi Moldovada səfərdə olmuşdur

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moldova rəsmilərinin dəvəti ilə iyulun 3-4-də bu ölkədə səfərdə olmuşdur.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti Moldovann Milli Antikorrupsiya Mərkəzinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Nümayəndə heyətini qəbul edən Mərkəzin rəisi Viorel Ketraru ilə görüşdə Moldova Milli Antikorrupsiya Mərkəzinin nümayəndə heyətinin 2016-cı ilin dekabrında ölkəmizə səfəri xatırlanmışdır.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qarşı tərəfə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan məqsədyönlü institusional və qanunvericilik islahatları barədə məlumat vermişdir. Görüşdə ölkələrimiz arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin Moldovanın Baş Prokurorluğuna səfəri çərçivəsində bu ölkənin Baş prokuroru Eduard Xarunjena ilə ikitərəfli görüş keçirilmişdir.

Görüşdə Moldova Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılmış, prioritet əməkdaşlıq sahələri müəyyənləşdirilmişdir.

Sonra ölkəmizin nümayəndə heyəti Moldovanın Antikorrupsiya Prokurorluğunun inzibati binasını ziyarət etmişdir.

Antikorrupsiya Prokurorluğunun Baş prokuroru Viorel Morar ilə ikitərəfli görüşdə ölkələrimizdə korrupsiya və digər mənfi hallara qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə müzakirələr aparılmış, eləcə də qarşı tərəfə “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər Moldova rəsmiləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq ifadə edilmişdir.

Görüşlərdə, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov  iştirak etmişdir.