Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2017-09-30
Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir

Azərbaycan Prokurorluğu hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir. Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir.

Heydər ƏLİYEV
Ümummilli lider


Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir


Xalqların və bütövlükdə dünyanın tarixi dahi insanların ideyalarının və fəaliyyətlərinin məhsuludur – desək, yəqin ki, yanılmarıq. Bir növ, tarix özü dahilərin fikirləri və bəşəri əməllərinin təcəssümü kimi çıxış edir. Tarixi şəxsiyyətlər xalqların talelərinə mühüm təsir göstərmək qüdrətinə malik olduğundan, onların ideyaları, fəaliyyətləri ayrı-ayrı dövrlərin inkişaf meyillərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir. Həmin tarixi şəxsiyyətlər, bir qayda olaraq, lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür, bir sözlə, onlar tarixin elə özünü yaradırlar. Tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir.

İstənilən yeni müstəqil dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından qoruyur.

XX əsrdə xalqımızın yetişdirdiyi fenomenal tarixi şəxsiyyət – ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq, praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. 1993-cü ilin iyununda kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli tələbləri ilə Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmış, ölkədə hüquq münasibətlərinin bütün subyektləri tərəfindən qanunçuluğun təmin olunmasının milli mexanizmlərini formalaşdırmışdır.

Dövlətin fəaliyyətində əhəmiyyətli roluna görə statusu konstitusiya normaları ilə nizama salınan prokurorluq yarandığı tarixdən indiyədək enişli-yoxuşlu yollar keçsə də, hər cür çətinliklərlə üzləşərək zamanın sərt imtahanlarına məruz qalsa da, hər sınaqdan üzüağ çıxmış, nüfuz və etibar qazanmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı və SSRİ Prokurorluğunun tərkib hissəsi kimi uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurulmuş, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilmişdir.

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılması, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşması və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır. Ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirmişdir. Onun “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə ləyaqətlə xidmət edir” kəlamı həmişə ruh yüksəkliyimizin mənbəyi olmuşdur.

2018-ci ildə 100 illiyini qeyd edəcək Azərbaycan prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli Qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq qurumunun təsis edilməsindən və məhkəmə orqanları sistemində fəaliyyətə başlamasından hesablanır. Məhz bu mühüm hadisəni nəzərə alaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair 17 iyul 1998-ci il tarixli sərəncam imzalamaqla bu əlamətdar tarixi əbədiləşdirmişdir.

Dövlət müstəqilliyi bərpa edildiyi dövrdən 1993-cü ilin ortalarınadək ölkədə hökm sürən xaos və özbaşınalıq şəraiti prokurorluq orqanlarının fəaliyyətinə də öz mənfi təsirini göstərmiş, faktik olaraq bu qurumun fəaliyyətini iflic etmişdir.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Qeyri-adi fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası vətənpərvərliyi, milli ideyalara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını möhkəmləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində fəaliyyətə əzmlə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir. Ulu öndərimiz respublikamızın üzləşdiyi problemləri düzgün müəyyənləşdirməklə, onların həlli üçün ciddi siyasi iradə, qətiyyət və prinsipiallıq göstərmişdir.

Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.

Ulu öndərin birbaşa rəhbərliyi ilə hazırlanmış ilk müstəqil Konstitusiyamızın 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul olunmasından sonra ölkəmizdə hüquqi islahatların yeni mərhələsi başlamış, dövrün tələblərinə cavab verən və keyfiyyətcə diqqət çəkən qanunvericilik aktları hazırlanaraq qəbul olunmuşdur.

İlk müstəqil Konstitusiyamız hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaratmış, qanunvericilik sisteminin əsasını təşkil etmişdir.

2001-ci ilin 25 yanvar tarixində müstəqil Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması, mütərəqqi məhkəmə hüquq islahatlarının davam etdirilməsinə təkan vermişdir.

Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi həyatın, sözün əsl mənasında, Əsas Qanununa çevrilmiş Konstitusiyamızın müasir prokurorluq orqanlarının formalaşmasında rolu xüsusi əhəmiyyətə malik olmuşdur.

Ölkənin Əsas Qanununda prokurorluğun fəaliyyətinə xüsusi bir maddə həsr edilərək, onun yerini məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirmiş, statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyətləri və vəzifələri dəqiqləşdirilmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı, yeni sosial-iqtisadi, ictimai-siyasi münasibətlərlə və beynəlxalq standartlarla uzlaşmadığından ulu öndərimiz Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyi və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən ardıcıl islahatların ilk növbədə ulu öndər Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur.

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə qeyd olunan Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinin təntənəli açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər prokurorluq əməkdaşlarının cəmiyyətdə rolunu yüksək qiymətləndirərək demişdir: "İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər".

– Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokuror bu fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni mərhələyə yüksəlmiş, bu fəaliyyətin forma və metodları demokratik dəyərlərə uyğunlaşdırılmışdır.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 14 ildə onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Dünyada baş verən hərbi münaqişələr, qlobal iqtisadi böhranın fəsadları Azərbaycan iqtisadiyyatına sirayət etsə də, təqdirəlayiq haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin çevik və səmərəli iqtisadi siyasəti, bilavasitə onun tapşırığı ilə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə iqtisadiyyatında böhranın təsiri, demək olar ki, hiss olunmamışdır.

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğunu nəzərə alsaq neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi respublikamızda mühüm layihələrin başa çatdırılmasına təsir göstərməmiş, ölkəmizin iqtisadi mənzərəsində dinamik inkişaf müşahidə olunmaqda davam etmiş, çoxlarının həsəd apardığı siyasi sabiltlik və təhlükəsizlik isə özünü gələcək islahatların etibarlı təminatçısı kimi büruzə vermişdir.

Ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sosial-iqtisadi tədbirlər ölkə iqtisadiyyatının 3 dəfədən də çox böyüməsinə, müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına gətirib çıxarmışdır.

Aparılmış sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmış, maaşlar və pensiyalar dəfələrlə artırılmış, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə endirilmiş, bir milyon üç yüz mindən çox yeni iş yerləri açılaraq işsizlik minimum həddə salınmışdır.

2017-ci ilin I yarımilinin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, qeyri-neft iqtisadiyyatı altı ayda 1,7 faiz, qeyri-neft sənayesi 4,4 faiz artmış, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,6 milyard dollar təşkil etmişdir. 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yerləridir. Bu ilin altı ayında ixrac 36 faiz artmış, qeyri-neft ixracı altı ayda 27 faiz artmış, müsbət saldo 1,9 milyard dollar təşkil etmişdir. Kənd təsərrüfatında artım 2,2 faiz olmuşdur.

İyulun 17-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yuxarıda qeyd olunan göstəriciləri diqqətə çatdıraraq demişdir: “Bu göstəricilər - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, – dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 21.02.2017-ci il tarixli sərəncamı ilə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti ilə respublikamızın beynəlxalq aləmdə tanıdılması, həmçinin fəal parlament fəaliyyəti ilə istər ölkə daxilində, istərsə də xaricdə böyük nüfuz və hörmət qazanmış Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi də zamanın tələbi olmaqla dövlət başçısı tərəfindən ölkəmizin inkişafı naminə vaxtında atılmış bir addımdır.

Gördüyü işlərdə, həll etdiyi taleyüklü məsələlərdə, bir sözlə, bütün mühüm məqamlarda Heydər Əliyev ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən hərtərəfli diqqət və qayğının nəticəsində prokurorluğun fəaliyyəti ən yüksək beynəlxalq tələblərə uyğun təkmilləşdirilərək müasir dünya standartlarına uyğun formalaşdırılmışdır. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin proqramın icrası ilə əlaqədar görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, fəaliyyətində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, prokurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsinə səbəb oldu.

Ölkəmizdə reallaşdırılan dövlətçilik siyasətinin nəticəsi olaraq, Azərbaycan Prokurorluğunun yeni məzmunda təşəkkül tapması və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə qiymət verən dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibəti ilə prokurorluq əməkdaşları və veteranlarına ünvanladığı təbrik məktubunda deyilir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.

Dövlət başçısı tərəfindən prokurorluq orqanlarına diqqət, qayğı və dəstək bu gün də davam etdirilir. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.

Prokurorluqda obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilən, yüksək peşəkarlığa və nəzəri biliklərə malik, sağlam mənəviyyatlı, dövlətçiliyə, xalqına və vətəninə sadiq, qanunun aliliyinə, hüquqi dövlətin prinsiplərinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirilmə prosesi uğurla aparılır.

Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiq olan hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri həyata keçirmiş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir.

Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır.

Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilmiş, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunmuşdur. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalmışdır. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olmuşdur.

Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur.

Respublika Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması üçün Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin kriminalistika şöbəsinin işinin səmərəliliyini artırmaq məqsədilə şöbəyə müasir standartlara cavab verən xarici ölkə istehsalı olan bir çox avadanlıq alınmışdır. həmin avadanlıqlar da baş vermiş qəsdən adam öldürmə və digər ağır və xüsusilə ağır cinayətlərin istintaqı zamanı tətbiq olunmuşdur. Ərazi hərbi prokurorluqlarının hər biri baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı baxışını təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunmuşdur.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünüöldürmə həddinə çatdırma cinayətlərinin qarşısının tam alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi vaxtaşırı ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclaslarında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlarının rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən Müdafiə Nazirliyinə və həmin silahlı birləşmələrin komandanlıqlarına informasiya xarakterli məktublar, təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu üzrə qəbul edilmiş Tədbirlər Planına müvafiq olaraq, hərbi qulluqçuların dini yönümünün düzgün istiqamətləndirilməsi, dini fanatizmə qarşı dayanıqlı olmaları üçün Konstitusiyanın vicdan azadlığı və dini etiqad haqqında maddəsinin tələbləri izah edilməklə, zərərli məzhəb, təriqət və etiqadlara, dini ekstremizmə meyilli olan fiziki və psixoloji cəhətdən zəif hərbi qulluqçuların müəyyən edilməsi üçün Respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatının, həmçinin ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi əks-kəşfiyyat qurumları və hərbi hissə komandirləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissələrdə şəxsi heyətlə mütəmadi olaraq görüşlər keçirilmişdir.

Hərbi qulluqçuların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək və onların əhval-ruhiyyəsini yüksəltmək üçün hər il müxtəlif bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü, Silahlı Qüvvələr günü və Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların komandanlıqları və müvafiq şəhər, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması barədə şəxsi heyət qarşısında çıxışlar edilmiş, onların xidməti və şəxsi problemləri ilə maraqlanılmaqla, həll edilməsi üçün əməli tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti olan korrupsiyaya qarşı mübarizə işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməklə bu sahədə ciddi təkmilləşməyə və müasirləşməyə nail olunmuşdur. Korrupsiyaya qarşı barışmaz mübarizənin aparılması dövlət başçısı tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətini təşkil etməklə bu sosial bəlaya qarşı əks təsirin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslər barəsində ciddi tədbirlərin görülməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Cənab Prezidentin imzaladığı 5 sentyabr 2012-ci il tarixli sərəncamla 2012-2015-ci illər üçün nəzərdə tutulmuş Açıq hökumətin təşviqinə dair və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının təsdiq edilməsi korrupsiyaya qarşı fundamental mübarizənin bariz göstəricisi olmuşdur. Qeyd olunan Milli Fəaliyyət Planlarında həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə respublika Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 19 iyun 2001-ci il il tarixli 745 nömrəli və 23 dekabr 2016-cı il tarixli 2571 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Respublikası Baş prokurorunun 31 mart 2017-ci il tarixli 10/17-11/01-S nömrəli əmri ilə Respublika Hərbi Prokurorluğunda informasiya-kommunikasiya texnologiyaları şöbəsi yaradılmış, ixtisaslı kadrlarla komplektləşdirilmiş və müasir standartlara cavab verən avadanlıqlarla təhciz olunmuşdur.

30 sentyabr 2005-ci il tarixdə “Prokurorluq haqqında” Qanunun 12-ci maddəsinin ikinci hissəsinə bir sıra əlavələr edilmiş və Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar əsasında Azərbaycan Respublikası Hərbi prokurorunun qərarı ilə yoxlama aparılması kimi vəzifələrin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 20 dekabr 2005-ci il tarixli, 09/103-10/22-s saylı əmrinə əsasən Respublika Hərbi Prokurorluğunun tərkibində Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi təsis edilmişdir ki, bu da Respublika Hərbi Prokurorluğuna korrupsiya cinayətləri ilə mübarizədə əlavə səlahiyyətlərin verilməsi deməkdir.

2017-ci ilin I yarısında Respublika Hərbi Prokurorluğu tərəfindən qeydə alınmış korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olmuşdur. Qeydə alınmış korrupsiya cinayətləri ilə bağlı 63 şəxs barəsində 51 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir.

2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə qeydə alınmış korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərinin sayı 34,2 faizi, rüşvət alma və rüşvətvermə cinayətlərinin sayı 25,6 faizi azalmış, qeydə alınmış mülkiyyət cinayətləri isə 8 faizi artmışdır.

Qeyd edilməlidir ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin vəziyyəti mütəmadi olaraq Respublika Hərbi Prokurorluğunda ümumiləşdirilib kollegiya iclaslarında müzakirə edilməklə, diqqət mərkəzində saxlanılmış, bu sahədə işin daha səmərəli təşkili, hərbi hissə və birləşmələrdə həmin cinayətlərin vaxtında aşkarlanması sahəsində ərazi hərbi prokurorluqlarının fəaliyyətləri təhlil olunmuş, müvafiq hərbi idarəetmə orqanlarına təqdimatlar, informasiya və icmal məktubları göndərilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi tələb edilmişdir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciətlərinə fərdi qaydada və hər birinə qayğı ilə yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir.

Təkcə onu qeyd etmək kifayətdir ki, 2017-ci ilin I yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 949 müraciətinə baxılmış, 743 vətəndaş Mərkəzi Aparatda, 1638 vətəndaş ərazi hərbi prokurorluqlarında fərdi qəbul edilmiş, bilavasitə hərbi hissə və birləşmələrdə 1472 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Müstəqilliyimizin bizə bəxş etdiyi çox mühüm imkanlardan biri də tarixi həqiqətlərimizi, bütövlükdə tariximizi obyektiv şəkildə araşdırmaq, gerçək tarixi faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və dünya ictimaiyyətini real tarixi faktlar əsasında doğru-düzgün məlumatlandırmaqdan ibarətdir.

Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsi tərəfindən erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri cinayətlərin istintaqı ilə əlaqədar məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. 24 mart 1990-cı il tarixdə Qazax rayonunun Bağanis-Ayrım kəndində, 22 dekabr 1991-ci il tarixdə keçmiş Əsgəran rayonunun Qaradağlı kəndində, 17 fevral 1992-ci il tarixdə keçmiş Ağdərə rayonunun Meşəli kəndində, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən soyqırımı cinayətləri, habelə ermənilər tərəfindən törədilmiş terror aktları və digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqrımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi təmin olunmuşdur.

Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə soyqırımı cinayətlərinin tarixin yaddaşına həkk olunması, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin faktik materialların verilməsi mühüm elmi-siyasi və praktiki əhəmiyyətə malikdir.

Bununla bağlı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsünü bəyənərək, baş prokuror Zakir Qaralov 2013-cü il iyulun 19-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda “Soyqırımı muzeyi”nin yaradılması barədə əmr imzalamışdır. Bu məqsədlə Respublika Hərbi Prokurorluğunda işçi qrupu təsis edilmiş, qrup tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında “Soyqırımı muzeyi” yaradılmışdır. Muzey XX əsrin əvvəllərindən başlayaraq erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmişdir. Muzey 4 bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir. Muzeydə 1918-ci ildə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında ermənilərin törətdikləri soyqırımı vəhşilikləri haqqında dolğun məlumatlar olmaqla muzeyin guşələrində həmin qəzaların əhalisi, müdafiəçiləri, qırğınların və vurulan ziyanın miqyasını müəyyən etmək məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının məlumatları və sənədləri, Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələrinin mətnləri, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və xalqımızın görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər və azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, habelə Xocalı və ətraf əraziləri əks etdirən 1:7500 miqyasında maket və fotolar, fakt üzrə aparılan cinayət işinin cildlərinin, hadisə yerinə baxış protokollarının surətləri, ekspert rəylərinin, ifadələrin, meyitlərin fotoşəkillərinin surətləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində törədilmiş cinayətlərin izlərini özündə əks etdirən əşyalar yer almışdır. Fəaliyyətə başladığı dövrdən bu günə kimi muzeyi 14500 nəfərdən artıq insan ziyarət etmişdir.

XX əsrin sonlarında bütün insanlığa qarşı yönəlmiş və bəşər tarixinin ən ağır cinayətlərindən olan Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş soyqırımı cinayətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərbi prokurorluq orqanları tərəfindən görülmüş tədbirlərdən biri də Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olaraq hazırlanmış 152 səhifədən ibarət “Soyqırımı muzeyi” kitabının 16 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Milli Məclisin deputatları, Hərbi Prokurorluğun məsul işçiləri, Tarix İnstitutunun əməkdaşları və kütləvi informasiya vasitələrinin iştirakı ilə təqdimatının keçirilməsi olmuşdur. Təqdimat mərəsimində tərəfimdən muzeyin və kitabın ərsəyə gətirilməsinin məqsədi, mahiyyəti və XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, terror aktları və digər cinayətlər barədə tarixi həqiqətlərin əyani şəkildə gələcək nəsillərə çatdırılmasında rolu, həmçinin bu istiqamətdə işlərin intensiv davamı  mövzusunda ətraflı çıxış edilmişdir.

Bu il Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində 22.02.2017-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun “Soyqırımı muzeyi”ndə keçirilmiş elmi-praktik konfransda Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQHTF) prezidenti Rauf Zeyni, Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov, MQHTF-nin vitse-prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova, həmin forumun idarə heyətinin sədri Qorxmaz İbrahimli, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İB-nin sədri Mehdi Mehdiyev çıxış etmişlər.

Bundan başqa, Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov 21.02.2017-ci il tarixdə Azərbaycan Milli Kitabxanasında “Soyqırım muzeyi” kitabının, “Əsrin faciəsi” filminin və Milli Kitabxana tərəfindən hazırlanmış “Xocalı Soyqırımı” adlı elektron məlumat bazasının təqdimat mərasimində, cari il fevral ayının 23-27-də Türkiyə Respublikasının Ankara şəhərində uydurma erməni soyqırımı iddialarına qarşı mübarizə aparan “Tələt paşa” Komitəsində təşkil olunmuş konfransda nümayəndə heyətinin tərkibində iştirak etmiş, səfər çərçivəsində fevral ayının 24-də Türkiyənin “Ulusal TV” kanalında Azərbaycan nümayəndə heyəti ilə birgə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “dəyirmi masa”da iştirak etmiş və ermənilər tərəfindən törədilmiş cinayətlərlə bağlı aparılan cinayət işinin istintaqı barədə məlumat vermişdir. O ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırımı cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə düzgün siyasi və hüquqi qiymət verilməsi ilə bağlı görülmüş tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Bundan əlavə, 29.03.2017-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və AMEA-nın Tarix İnstitutunun təşkilatçılığı ilə Ombdusman Aparatında keçirilmiş 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfransda da “Soyqırımı muzeyi” kitabının təqdimatı keçirilmişdir. Təqdimatda iştirak etmiş Respublika hərbi prokurorunun müavini Rasim Kazımov “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri” mövzusunda çıxış etmişdir.

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminat məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Pezidentimiz cənab İlham Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları işçilərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır. Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Qarabağ, Tərtər və Füzuli hərbi prokurorluqlarının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Qazax və Zaqatala hərbi prokurorluqları üçün isə yeni inzibati bina tikilib istifadəyə verilmişdir.

1 oktyabr  prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 99-cu ildönümü tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla qeyd edirəm. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.


Xanlar Vəliyev,
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı, əməkdar hüquqşünas, hüquq elmləri namizədi

“Xalq qəzeti”

30 sentyabr 2017-ci il