Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2017-09-30
Hüquq sisteminin inkişafında prokurorluğun rolu əhəmiyyətlidir

“Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 

 

Hüquq sisteminin inkişafında prokurorluğun rolu əhəmiyyətlidir

Ölkənin davamlı tərəqqisi prokurorluğun müntəzəm inkişafının əsasını yaradır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşaiyət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaratmışdır.

Ulu öndərin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə onun tərəfindən müəyyən edilmiş siyasi kursun düzgün seçilməsinin, bu kursun müasir dövrün reallıqları nəzərə alınmaqla yüksək idarəetmə məharəti və qətiyyəti ilə, hərtərəfli düşünülmüş və əsaslandırılmış, eyni zamanda çevik idarəçilik üslubuna malik xarizmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin, iqtisadiyyatın idxaldan asılılığının azaldılması üçün yerli istehsalın hərtərəfli stimullaşdırılmasının, biznes qurumlarına əlverişli şəraitin yaradılmasının, bir sözlə, ciddi islahatların, restrukturizasiyanın müdrik və səmərəli idarəetmənin tətbiqinin nəticəsidir ki, ölkəmiz dünyada və regionda baş verən neqativ proseslərdən kənarda qalmaqla dayanıqlı və davamlı inkişaf yolu keçərək həyatın bütün sahələrində böyük uğurlar qazanır.

Dövlət başçısının 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda söylədiyi tarixi nitqindəki bu sözlər ölkədə həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın ifadə edir: “Biz, ilk növbədə, öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir”.

Ötən bir il respublikamızın ictimai-siyasi və sosial iqtisadi həyatında mühüm əhəmiyyətə malik əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlardan ən əhəmiyyətlisi Konstitusiyaya ümumxalq səsverməsi - referendumla edilən, 12 oktyabr 2016-cı il tarixdən rəsmi dərc edilməklə qüvvəyə minmiş dəyişikliklər olmuşdur. Konstitusiyaya dəyişikliklər mahiyyətcə dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi, sosial-iqtisadi islahatların aparılmasını sürətləndirən mütərəqqi addım olaraq ölkədə dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha mükəmməl, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət etmişdir.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, referendum aktı ilə təsis edilmiş Birinci vitse-prezident vəzifəsinə tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təyinatı son dövrün ən önəmli, ölkənin bu günü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə və dəyərə malik mühüm hadisəsi olmuşdur. Bu yüksək dövlət vəzifəsinə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə Təşkilat Komitəsinə rəhbərliyi həyata keçirməklə çox yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində mühüm rolu olan şəxsin bu vəzifəyə təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırmışdır. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində ölkədə həyata keçirilən strateji əhəmiyyətə malik, ölkənin hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması qeyd olunanların bariz təsdiqidir.

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyinin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsinə zəmin yaradaraq bu istiqamətlərdə görülən işlərin səmərəliliyinin artırılmasını ehtiva etmişdir. Cənab Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli sərəncamı ölkənin hüquq və qanunvericilik sisteminin daha yüksək müstəvidə inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malik olmuşdur.

Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, bəzi cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin etmiş, qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan vermişdir.

Respublikamızın davamlı tərəqqisi digər dövlət təsisatları kimi, prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir. Bu mühüm dövlət orqanı fəaliyyətini müasir dövrün daha yüksək tələbləri səviyyəsində quraraq təkmilləşməkdə davam etmiş, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının, milli dövlət maraqlarımızın qorunmasında, sabitliyin və təhlükəsizliyin təmin olunmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışaraq yeni-yeni uğurlar qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəllər mövcud olmuş nöqsanların aradan qaldırılmasına, zəruri tədbirlərin həyata keçirilməsinə dair proqram xarakterli nitqindən irəli gələn tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış geniş və dərin məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq demokratik məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalaşdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur. Prokurorluğun rolunun artırılması istiqamətində görülən tədbirlər içərisində bu dövlət orqanına qanunvericilik təşəbbüsü hüququnun verilməsinin hüquq sisteminin inkişafına müsbət təsiri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, prokurorluğun daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, insan hüquq və azadlıqlarının qorunması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi nailiyyətlər əldə edilmişdir. 

1 oktyabr 2017-ci ildə milli prokurorluq orqanlarının təsis edilməsinin 99-cu ili tamam olur 

Prokurorluq orqanlarının inkişafı ilə bağlı mühüm məqamlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu kimi, prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi də məhz onun yüksək qayğısının təzahürü olmuşdur. Hər ilin oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə bizə bəxş edilmişdir. Milli prokurorluq orqanlarının yaranması tarixinin 1 oktyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun təsis edildiyi gündən hesablanmasına baxmayaraq, bu mühüm dövlət təsisatının dünya standartları və müasir tələblərə cavab verən, konstitusion statusa malik, yüksək nüfuzlu orqan kimi formalaşması, ölkənin hüquq sisteminin inkişafında əhəmiyyətli rola malik olması məhz ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məhkəmə hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi ilə yanaşı, Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bu təsisata olan yüksək dövlət qayğısının göstəricisi olmuşdur.

Milli prokurorluq orqanlarının yaranmasının 99-cu ilini qeyd edərkən biz prokurorluq işçiləri ümummilli lider Heydər Əliyevin bu əlamətdar günün respublikamızda ilk dəfə olaraq 1998-ci ildə qeyd olunmasında iştirakını yüksək fəxr və qürurla yadımıza salırıq. Ümummilli lider prokurorluq işçilərinin peşə bayramına və milli prokurorluq orqanlarının yaranmasının 80 illiyinə həsr edilmiş 28 noyabr 1998-ci il tarixli təntənəli tədbirdəki tarixi nitqində prokurorluq işçilərinə tövsiyələrini verərək prokurorluq orqanları qarşısında dayanan əsas vəzifələri müəyyən etmişdir. Ümummilli lider prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verməklə onlara müraciət edərək qeyd etmişdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”.

Prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı sayəsində xüsusi təntənə ilə qeyd edilmişdir.

Cənab İlham Əliyev prokurorluq işçilərini yubiley münasibətilə təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlərin görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirmələrini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Dövlət başçısı tərəfindən, eyni zamanda ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklər baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüldüyü qeyd edilmişdir. Eyni zamanda prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələr göstərilməklə, əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğu vurğulanmışdır.

1 oktyabr 2018-ci ildə milli prokurorluğun təsis edilməsinin 100 ili tamam olacaq və bu əlamətdar hadisə prokurorluq işçiləri və veteranları, geniş ictimaiyyət, bütün Azərbaycan xalqı tərəfindən yüksək təntənə ilə qeyd ediləcəkdir. Xalqımızın və milli dövlətimizin tarixində mühüm hadisələrdən biri olan bu yubileyin yüksək səviyyədə təşkil edilməsi və keçirilməsi üçün artıq ciddi hazırlıq işlərinə başlanılmış, Baş Prokurorluq üzrə 9 avqust 2017-ci il tarixli sərəncamla milli prokurorluq orqanlarının yaradılmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq zəruri tədbirlərin müəyyənləşdirilməsi məqsədilə təkliflərin işlənib hazırlanması üçün Baş prokurorun müavininin rəhbərliyi ilə geniş tərkibdən ibarət komissiya yaradılaraq yüksək standartlara uyğun bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Prokurorluq orqanlarında işin təşkili və idarəetmənin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında” dövlət başçısının 23 dekabr 2016-cı il tarixli 2571 nömrəli Sərəncamına əsasən, Baş Prokurorluq üzrə 30 dekabr 2016-cı il tarixli əmrlə Baş Prokurorluğun strukturunun təkmilləşdirilməsi yolu ilə fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə Hüquqi təminat və informasiya idarəsi ləğv edilərək, onun bazasında Hüquqi təminat, İnformasiya-kommunikasiya texnologiyaları idarələri və Mətbuat xidməti (şöbə səlahiyyətli) yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli sərəncamından irəli gələn, Azərbaycan Respublikası Ali Məhkəməsi və Ədliyyə Nazirliyi ilə birlikdə üzərimizə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə birgə işçi qrupu yaradılaraq geniş təkliflər paketi hazırlanıb müvafiq qaydada təqdim edilmişdir. Təkliflər hərtərəfli təhlil edilərək qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmiş və hazırda baxılmaq ərəfəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə 2016-cı il 20 may tarixli 905 nömrəli Fərmanla əlavə edilmiş 25-6 bəndin icrası ilə bağlı dini ekstremizm, terrorçuluq və dövlət təhlükəsizliyini təhdid edən digər ideyalardan islah olunmamış məhkumlar barəsində vətəndaşlığın itirilməsi ilə bağlı icraata başlanılması ilə əlaqədar cəzanı icra edən orqan və ya müəssisələrdən daxil olan məlumatlara cinayət işinin istintaqını aparmış orqan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən baxılması qaydaları hazırlanaraq Baş Prokurorluq üzrə 11 avqust 2017-ci il tarixli əmrlə təsdiq edilmişdir.

Baş Prokurorluq üzrə 1 mart 2017-ci il tarixli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın icraya yönəldilməsi bu sahədə fəaliyyətin səmərəliliyini daha da artırmışdır.

Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, dövlət orqanlarının fəaliyyətində və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması təhlükəsizlik və qanunla qorunan sirlərin, digər konfidensial məlumatların mühafizəsinin əhəmiyyətini artırmaqla, bu sahədə nizamasalmanın və normativ tənzimləmənin təkmilləşdirilməsini və nəzarətin daha da gücləndirilməsini zəruri etdiyindən cinayət təqibi zamanı dövlət sirri, şəxsi həyatın toxunulmazlığı, ailə, peşə, kommersiya və sair məlumatların qorunmasının təmin olunması ilə bağlı Baş Prokurorluq üzrə əmr və təlimatların, digər normativ sənədlərin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin işlənib hazırlanması məqsədilə Baş Prokurorluq üzrə 12 sentyabr 2017-ci il tarixli sərəncamla Baş prokurorun müavininin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.

Cənab Prezidentin qarşımızda qoyduğu vəzifələrin icrası ilə bağlı onun tövsiyələrində qeyd olunan tələblərə cavab verən yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin həyata keçirilməsi istiqamətində fəaliyyət sistemli şəkildə və müntəzəm olaraq həyata keçirilir. Yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi prokurorluğun kadr korpusunun dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq gənc hüquqşünasların işə qəbulunu keçirmək məqsədilə 15 avqust 2017-ci il tarixdə növbəti 18-ci müsabiqə elan edilməklə hazırda sənədlərin qəbulu həyata keçirilir.

Ümumilikdə 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Dövlət İmtahan Mərkəzi) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 10 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 7 müsabiqə keçirilməklə başa çatmışdır. Həmin müsabiqələr nəticəsində 780 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir. İslahatlara qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər olduğu halda qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq hazırda prokurorluq işçilərinin 65 faizini təşkil edir.

Kadr siyasətinin günün tələbləri, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla demokratik məzmunda, ədalət və şəffaflıq meyarları əsasında həyata keçirilməsi prokurorluğun yenidən qurulmasına yönəlmiş mütərəqqi islahatların uğurla reallaşdırılmasının ümdə şərtlərindən biri olmuşdur. Prokurorluqda qulluğa qəbul müsabiqə yolu ilə həyata keçirilməklə prokurorluq orqanlarının yüksək ixtisaslı, sağlam mənəviyyata, geniş dünyagörüşünə malik mütəxəssislərlə komplektləşdirilməsi, gənc perspektivli kadrlar hesabına mütəmadi yenilənmənin həyata keçirilməsi, müxtəlif nəsil prokurorluq işçiləri arasında sağlam varisliyin təmini, layiqli kadrların vəzifədə irəli çəkilməsi, prokurorluq işçisinin davranışının mənəvi-etik əsaslarının müəyyən edilməsi, onun fəaliyyətinin obyektiv qiymətləndirilməsi üçün zəruri meyarların təsbiti və rəhbər tutulması prokurorluqda kadrlarla iş sahəsindəki islahatların əsas istiqamətlərini təşkil etmişdir.

Qeyd olunanlar əsas götürülməklə ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilmiş, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilmişdir. 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin edilmişlər. Bu müddət ərzində xidməti qaydada həvəsləndirilmiş 144 prokurorluq işçisindən 5 nəfəri “Prokurorluğun fəxri işçisi” döş nişanına layiq görülmüş, 63 nəfər fəxri fərmanla təltif edilmiş, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilmiş, 2 nəfərin intizam tənbehi üzərindən götürülmüş, 42 nəfərə isə təşəkkür elan edilmişdir.
İntizam məsuliyyətinə cəlb edilmiş 59 işçidən 40 nəfərə töhmət və şiddətli töhmət elan edilmiş, 3 nəfər aşağı vəzifəyə keçirilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 4 nəfər prokurorluq orqanlarından xaric olunmuş, 4 nəfərə isə irad tutulmuşdur. 

Korrupsiyaya qarşı mübarizədə prokurorluğun fəaliyyətinin əhəmiyyəti yüksəlmişdir 

Korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə müntəzəm olaraq həyata keçirilən sistemli tədbirlərin nəticəsi olaraq bu sahədə işin effektivliyi və səmərəliliyi artmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətini ötən bir il ərzində prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə quraraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə çalışmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri müəyyən edilmiş, təqsirli şəxslər ifşa edilmiş, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Əlaqəli dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində vətəndaşların çoxsaylı müraciətlərinin müsbət həll olunması təmin edilmiş, eyni zamanda maarifləndirmə sahəsində kitab, bülleten, buklet və digər metodiki vəsaitlər nəşr olunmuş, kütləvi informasiya vasitələrində, televiziya kanallarında Baş İdarənin fəaliyyətini əks etdirən məlumatlar ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılmış, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilmiş, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülmüşdür. Başlanılmış cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmiş, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.

Ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədar olmuşdur. 
İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilmiş, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir. 

Vətəndaşların müraciətlərinə daim diqqət və qayğı göstərilməklə onların ərizə və şikayətlərinə həssaslıqla yanaşılır 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında mütəmadi olaraq qeyd etdiyi kimi, ölkədə mərkəzində Azərbaycan vətəndaşı dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirilir. Dövlət başçısının həyata keçirdiyi sosialyönümlü dövlət siyasətinin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin qəbulu məsələlərinə xüsusi önəm verilərək vətəndaşların müraciətlərinə daim diqqət və qayğı göstərilməklə onların ərizə və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmaqla baxılır.

Ölkənin müxtəlif bölgələrində Baş prokuror tərəfindən mütəmadi olaraq vətəndaşların səyyar qəbulu keçirilməklə qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində konkret tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ilin ötən 9 ayı ərzində Baş prokuror tərəfindən yerlərdə 9 qəbul keçirilməklə Sumqayıt şəhərində, Göyçay, Cəlilabad, Beyləqan, Göygöl, Lənkəran, Gədəbəy, Qax və Siyəzən rayonlarında 223 vətəndaş qəbul olunmuşdur.

Qeyd olunan səyyar qəbullar zamanı 223 vətəndaşdan daxil olmuş 191 müraciətdən 180-ni prokurorluğun icraatına qəbul edilmiş, 11 müraciət isə aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Prokurorluqda baxılmış 180 müraciətdən 22-si təmin edilmiş, 14-ü rədd olunmuş, 129-u üzrə vətəndaşlara izahlar verilmiş, 1 müraciət cinayət işinin materiallarına əlavə edilərək ibtidai istintaqda araşdırılmış, 14 müraciət isə hazırda icraatdadır.

Sonda bildirmək istəyirəm ki, bir ildən sonra biz prokurorluq işçiləri, bütün ölkəmiz prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Bu isə o deməkdir ki, fəaliyyətimiz barədə daha geniş hesabat xarakterli məlumat verməli olacağıq. Bunun üçün isə daha çox işləməli və üzərimizə qoyulan vəzifələrin icrası üzrə daha çox fəaliyyət göstərməliyik. Yəni fəaliyyətimizi daha səmərəli qurmaqla böyük məsuliyyətlə çalışaraq həvalə olunan iş və tapşırıqları tam və keyfiyyətlə yerinə yetirməliyik. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da əzmlə işləməklə möhtərəm Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik siyasətini hərtərəfli dəstəkləyərək ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında, xalqına və dövlətinə xidmətdə öz töhfəsini verəcəkdir.


                                     Zakir QARALOV,


                     Azərbaycan Respublikasının
Baş prokuroru,

I dərəcəli dövlət ədliyyə müşaviri

                                                         

“Azərbaycan” qəzeti,

30 sentyabr 2017